Ümummilli lider Heydər Əliyevin müasir hüquq sisteminin formalaşmasında və Azərbaycan ədliyyəsinin inkişafında rolu.

bodrum escort bayan

İnsan cəmiyyətinin davamlı və keşməkeşli inkişaf mərhələlərində yetişən və tarixdə böyük izlər qoyan bir çox dahi şəxsiyyətlər, parlaq siyasi xadimlər öz xalqlarının taleyində böyük rol oynamış, taleyüklü məsələlərin həllində öz dəstixəttini yaratmışlar. Müasir və milli dövlətçiliyimizin, möhkəm ideoloji-siyasi xəttin banilərindən olan xalqı üçün döyünən ürək, şərəf və ləyaqət simvolu ulu öndər Heydər Əliyev məhz bu dahilərdəndir.
Bildiyimiz kimi 10 may 2023-cü il tarixdə Azərbaycan xalqının yaddaşlarında əbədi taxt quran, qüdrətli, çiçəklənən, müasir və milli dövlətçiliyin banisi, bütün ömrünü xalqımıza şərəf və ləyaqətlə xidmət edən ulu öndərin anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətilə ölkəmizin hər yerində silsilə tədbirlər həyata keçirilir, ulu öndərin həyat və fəaliyyəti geniş işıqlandırılır, xatirəsi dərin hörmətlə anılır. Ulu öndərin xalqımız qarşısında əvəzolunmaz tarixi xidmətləri ölkəmizin hər yerində və eləcədə onun hüdudlarından kənarda bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən ehtiramla yad olunur. Məhz bu misilsiz xidmətlərin sahibinin əziz xatirəsinə itafən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan olunmuşdur.
Dünya ölkələri içərisində Azərbaycan özünəməxsus zənginliyi, tarixi kökləri, tükənməyən sərvətləri olan bir ölkədir. Xalqımızın istedadlı, fenomen, tarixi şəxsiyyətləri çoxdur, lakin bizim ən dəyərli sərvətimiz Heydər Əliyev dühasıdır. İllər keçsə də bu dühanın zəkasının işığı daha da çoxalır və arzusunda olduğumuz müasir güclü Azərbaycan dövlətinin inkişafında, möhkəmlənməsində mayak rolunu oynayır.
Sirr deyil ki, Ulu öndər harda olmasından aslı olmayaraq xalqımızın ən ağır günlərində qəlbi həmişə xalqı ilə birgə döyünmüş və gələcək nəsillərə güclü bir dövlət miras qoymuşdur. Hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində Azərbaycan xalqının sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatının bütün sferalarında dirçəliş məhz onun adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyev hələ SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin siyasət yürüdən qüvvələr öz niyyətlərinin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşərək onu tutduğu vəzifəsindən uzaqlaşdırmağa çalışmışlar. Bütün olacaqlara baxmayaraq Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur. Onun 1969-1982-ci illərdəki fəaliyyətini nəzərdən keçirərkən həmin illərdə demokratik hüquqi dövlət qurmaq üçün, ilk öncə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi üçün çox böyük səylər göstərdiyinin şahidi oluruq. Bu illərdə Heydər Əliyev siyasi kursunun mühüm istiqamətlərindən biri xalqın milli ruhunun, özünüdərkin, azərbaycançılıq ideyasının güclənməsi idi. Çox güclü siyasi analiz qabiliyyəti olan Heydər Əliyev yaxşı başa düşürdü ki, Azərbaycanın müstəqilliyini təmin etmək, demokratik hüquqi dövlət qurmaq üçün ilk növbədə qanunçuluq, hüquqi prinsiplər təmin olunmalıdır. Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə təsis edilməsi məhz Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş və bundan sonra davamlı fəaliyyəti təmin edilmişdir. Məhkəmələrə təşkilati-hüquqi rəhbərliyi həyata keçirmək, əhaliyə göstərilən hüquqi yardımı yaxşılaşdırmaq, məhkəmə ekspertizalarının və notariat fəaliyyətinin aparılmasını təmin etmək Ədliyyə Nazirliyinə şamil olunmuşdu. Ölkəmiz müstəqilliyini qazandıqdan sonra da Azərbaycan ədliyyəsinin inkişafı ulu öndərin daim diqqətində olmuşdur. 1993-cü il 15 iyunda xalqın tələbi və dəstəyi ilə hakimiyyətə qayıdışından sonra müxtəlif sahələrdə olduğu kimi ədliyyə sisteminin inkişafını təmin edən bir çox ardıcıl islahatlar həyata keçirilmiş, hüquq-mühafizə orqanı statusu alan Ədliyyə Nazirliyinin səlahiyyətləri genişlənmiş, bu sahədə bir çox qanunvericilik aktları qəbul olunmuş, cəmiyyətdə nüfuzu artmışdır.
Heydər Əliyevin dühasının məhsulu olan 12 noyabr 1995-ci il tarixdə referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası bilavasitə onun rəhbərliyi ilə qəbul edilmişdir. Bu Konstitusiya ən yüksək ali hüquqi qüvvəyə malik olmaqla yanaşı, növbəti illərdə Azərbaycanda aparılacaq hüquqi islahatlar üçün əsas zəmin yaratmış, hüquqi dövlət yaradılmasında, dövlətin ali məqsədi kimi insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunmasında çox böyük rol oynamışdır.
Müstəqil Azərbaycanımızın əsas qanunu hesab edilən Konstitusiyanın qəbul edilməsi, xalqımızın əsas mənafeləri ilə bağlı məsələlərin, məsələn xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, hakimiyyətin bölgüsü prinsipinin nəzərdə tutulması, əsas insan hüquq və azadlıqlarının, hüququn aliliyi prinsiplərinin, məhkəmə hakimiyyətinin müstəqilliyinin Konstitusiyada təsbit olunması hüquqi dövlət quruculuğu sahəsində ən prioritet addımlardan hesab etmək olardı. Konstitusiyanın qəbulundan sonra insan hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir çox qanun və məcəllələr qəbul edilmiş, humanist siyasət nəticəsində ölüm cəzası ləğv olunmuş, əfv və amnistiya təsisatları bərpa edilmiş və üçpilləli yeni məhkəmə sistemi yaradılmışdir. 1996-cı ildə yardılan Hüquq Komissiyasına rəhbərlik etmiş, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlanmasında yaxından iştirak etmişdir. Ulu öndər çox gözəl bilirdi ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatı olmadan mükəmməl dövlətçilik sistemi qurmaq olmaz. O dəfələrlə öz çıxışında bildirirdiki, dövlət iki şeydən sarsılar: ”Günahkar cəzasız qalanda və günahsız cəzalananda”. Bütün bunları dərindən təhlil edən və nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə “Məhkəmələr və hakimlər haqqında” yeni Qanun qəbul edildi. Bu Qanunun tətbiqi üçün proqram xarakterli Fərman imzalandı və ölkəmizdə yeni məhkəmə modelinin yaradılması prosesi sürətləndi.
Ədalət mühakiməsinin həyata keçirilməsinin hüquqi əsaslarının hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarına, ilk olaraq 1948 ci il İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinə, 1950 ci il İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvensiyasına və yeni Konstitusiyamızda nəzərdə tutulmuş prinsip və normalara uyğunlaşdırılması bu prosesin vacib tərkib hissəsi idi. Bu ümumqəbul olunmuş normalarla hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə, məhkəmə qərarlarından yuxarı instansiyaya şikayət vermək hüququna təminat verirdi. Bu isə birinci instansiya məhkəmələrində işin düzgün araşdırılmamasından dolayı buraxdığı səhvlərin apelyasiya və kasassiya instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə şərait yaradır. Qəbul olunan Konstitusiyada Ali Məhkəmənin də funksiya və səlahiyyətlərinə yenidən baxıldı və o, ümumi və ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə sırf kassasiya instansiyası məhkəməsinə çevrildi, Prokurorluq orqanları totalitar rejimə xas olan bütün səlahiyyətlərindən məhrum edilərək, yalnız cinayət təqibini həyata keçirən və çəkişmə prinsipinə uyğun olaraq dövlət ittihamını müdafiə edən orqan oldu.
Ulu öndərin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanında insan hüquq və azdlıqları ilə bağlı məsələləri prioritet hesab etdiyini və umumdövlət səviyyəsində qorunmalı və müdafiə olunmasını həyata keçirdiyi siyasətinin əsası olduğunu bir daha sübut etdi. Ulu öndərin humanist siyasətinin nəticəsində 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmiş, 1995-ci ildən əvvəl unudulmuş əfv və amnistiya təsisatları bərpa edilmiş, istintaq təcridxanaları da Ədliyyə Nazirliyinin tərkibinə verilmişdir. Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış Konstitusiyamızda yeni institut olan bələdiyyələrin fəaliyyət istiqamətləri, hüquqi əsasları nəzərdə tutulmuş, ilk dəfə olaraq 1999-cu ildə bələdiyyə seçkiləri keçirilmişdir. Yerli özünüidarə orqanlarının fəaliyyətinin təşkil edilməsinə metodoloji köməklik göstərilməsi və inzibati nəzarəti həyata keçirmək məqsədilə Ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzinin yaradılması barədə Sərəncam verilmişdir. Notariat və qeydiyyat orqanlarının fəaliyyətinin tənzimlənməsi üçün əsaslı hüquqi islahatlar keçirilmiş, Ailə Məcəlləsi, “Notariat haqında” Qanun və digər qanunvericlik aktları qəbul edilmişdir. Qeydiyyat orqanları Ədliyyə Nazirliyinin strukturuna daxil edilmişdir. Əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün 31 iyul 2002-ci il tarixli “Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi haqqında” Fərmanla yerli icra hakimiyyətlərinə qeydiyyat sahəsində müəyyən səlahiyyətlər verilmiş, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının ədliyyə orqanlarının əməkdaşları tərəfindən səyyar qaydada aparılması həvalə olunmuşdur.
Ulu öndərin ədliyyə işçilərinə göstərdiyi mühüm diqqət və qayğının təzahürüdür ki, 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr Ədliyyə İşçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.
Ulu öndər tərəfindən əsası qoyulmuş mütərəqqi hüquqi islahatlar kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir, Azərbaycan ədliyyəsinin inkişafı üçün lazım olan normativ-hüquqi baza durmadan təkmilləşdirilir və bu sahənin durmadan inkişafına əsas verir. Ölkə başçısı tərəfindən 6 fevral 2009-cu il tarixdə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ədliyyə orqanlarının və məhkəmələrin inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, sosial, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, infrastrukturun yeniləşdirilməsi məqsədi daşıyır. Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmişdir.”Ədliyyə Nazirliyinin Əsasnaməsi” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun qəbul olunmuşdur. Nazirlik ədliyyə sahəsində dövlət siyasətini həyata keçirən hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanı hesab olunur. Əhalinin vahid Dövlət Reyestri formalaşdırılmış, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq Hüquqi Aktların Dövlət Reyestrinin fəaliyyət göstərməsi, ölkə Prezidentinin tapşırıqlarına əsasən sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması,Vətəndaşların və hüquqi şəxslərin dövlət qeydiyyatı işinin elektron sistemdə həyata keşirilməsi bu sahədə həyata keçirilən uğurlu siyasi kursun davamıdır.
26 may 2006-cı ildə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun qəbul edilmişdir. Dövlət başçısı tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı ildə Fərman imzalanması və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ olmuşdur.
Bu gün ədliyyə fəaliyyətində müasir iş üslubları, ən qabaqcıl texnologiyalar tətbiq olunur. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə 2013-cü il ölkəmizdə “informasiya-kommunikasiya texnologiyaları ili” elan olunmuşdur. Ədliyyə Nazirliyi tərəfindən İKT-lərin tətbiqi daim diqqətdə saxlanılaraq, bu sahədə xeyli işlər görülmüş, o cümlədən vətəndaşlara keyfiyyətli və rahat xidmət göstərilməsi, inzibati işçilərlə təmasın minimuma endirilməsi məqsədilə elektron köşklər, habelə nəzarətin gücləndirilməsi üçün veb-kameralar quraşdırılmış, nazirliyin saytında xüsusi e-xidmətlər bölməsi yaradılmış, məhkəmə sisteminin vahid elektron portalı, “Mobil notariat”, “ƏN TEZ” xidməti yaradılmışdır. Bütün bunlar dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsidir.
Bu gün əmin ola bilərik ki, gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.

Ağdaş rayon Qeydiyyat şöbəsinin rəisi
Teymur Mustafayev

Paylaş: