Tovuz döyüşləri: Ermənistanın əsl mahiyyətinin faktlarla ifşası – Araşdırma

bodrum escort bayan

Azərbaycanın beynəlxalq aləmdəki böyük uğurlarından, dövlətimizin getdikcə güclənməsindən və ümumiyyətlə, türk dünyasının dirçəlişindən təşvişə düşən ermənilər növbəti dəfə öz çirkin niyyətlərini ortaya qoydular. Düşmən bu dəfə açıq təcavüz şəklində münaqişə ocağında (Dağlıq Qarabağ) deyil, birbaşa dövlət sərhədində təxribata əl atdı.

Belə ki, 12 iyul 2020-ci il tarixdə günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular. Hər iki tərəf itki verdi. Bu xəbər rəsmi şəkildə elə həmin gün Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayımlandı. Ermənistan Müdafiə Nazirliyi isə o gün susmaq mövqeyi tutdu və bir gün sonra – iyulun 13-də absurd bir məlumat yaydı.

Ermənistan Müdafiə Nazirliyinin iddiasına görə, Azərbaycan hərbçiləri məlum olmayan səbəblərdən saat 12:30 radələrində “UAZ” markalı avtomobillə Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstəriblər. Guya Ermənistan tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri avtomobili Ermənistan mövqelərinə yaxın yerdə qoyaraq geri çəkiliblər və daha sonra saat 13:45 radələrində artilleriya atəşinə başlayıblar. Nazirlik ardınca qeyd edir ki, sərhəddə vəzifəsini yerinə yetirən iki polis əməkdaşı mühafizə postunun yaxınlığında düşmənin silah tətbiq etməsindən yüngül xəsarətlər alıb. Ermənistan silahlı qüvvələri heç bir itki verməyib, əksinə, rəqibin bütün cəhdləri hədəfə alınaraq zərərsizləşdirilib.

Azərbaycan tərəfi isə bunu inkar edərək bildirdi ki, Azərbaycan Ordusu Ermənistanın dövlət sərhədini keçmək istəsəydi, bunu avtomobillərlə deyil, zirehli maşınlarla edərdi. Həmçinin, 2018-ci ildən etibarən Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonları ərazisində Ermənistanla dövlət sərhədinə nəzarətin Müdafiə Nazirliyindən alınaraq Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi Azərbaycan Respublikasının Ermənistanla sərhəddə hər hansı hərbi məqsəd güdmədiyini təsdiq edir.

Təbii olaraq, insidentin ilk günü düşmən sərt cəza tədbirləri ilə yerində otuzduruldu. Bəli, şəhidlər verdik. Amma artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edildi.

Ermənistan Müdafiə Nazirliyi bu dəfə də rəsmi məlumat yaydı ki, guya silahlı qüvvələri heç bir itki verməyib, əksinə, düşmən geri çəkilməyə məcbur edilib.

Diqqət edin, Azərbaycan düşmən obyektlərinin məhv edilməsini konkret foto və videolarla sübut etdiyi halda, Müdafiə Nazirliyi hər şeyi olduğu kimi etiraf etdiyi, obyektiv məlumat yaydığı halda, Ermənistan tərəfi həmişəki kimi faktsız, yalan və qərəzli informasiyalarla çaşqınlıq yaratmağa çalışdı.

Beləliklə, məhz bu çaşqınlıqdan sonra Ermənistan cəmiyyətində bir çaxnaşma yaşandı. Sosial şəbəkə istifadəçilərinin fəryadları bir-birinə qarışdı.

Edqar Qasparyan adlı şəxs “Twitter”də məhv edilən erməni əsgərin şəkilini paylaşaraq yazıb: “Yalanlarla dolu Ermənistan. Dünən qonşumuz Henrix Baqdasaryanın 19 yaşlı nəvəsinin meyitini gətirdilər. Bizdə niyə geri dönən yalnız əsgərlərimizin cənazəsi olmalıdır. Hakimiyyətə gəlməsi üçün gecələr belə yatmadığımız, dəstək olduğumuz Paşinyan Ermənistanı məhvə aparır”.

Bəli, bu gün bir Ermənistan vətəndaşının söylədiyi bu fikirlər artıq bütün erməni cəmiyyətinin düşüncəsində hakimdir.

• Erməni təxribatını və yalanlarını ifşa edən əsas faktlar

İndi isə mövzudan uzaqlaşmadan, gəlin, Tovuz döyüşləri zamanı erməni təxribatını və yalanlarını ifşa edən digər əsas faktlara diqqət çəkək.

Sərhəddə baş verənləri dərhal və operativ təhlil etmək məqsədilə iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Qapalı müzakirələr aparıldı. Mövcud vəziyyət və atılacaq addımlar təftiş edildi. Bəs, həmin gün Ermənistan tərəfi nə etdi? Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, səfirliyin hərbi-hava attaşesi Sergey Kopirkin ilə görüşdü. Azərbaycanla sərhəddə baş verənləri, Azərbaycan Ordusunun sərt cavab tədbirlərini ilk olaraq böyükağası Rusiya ilə müzakirə etdi.

Əlqərəz, iyulun 13-ü gecədən başlayaraq Azərbaycan sərt cəza tədbirlərinə start verdi. Düşmənin sərhədboyu əsas strateji obyektləri məhv edildi. Günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturubölmələrimizin dəqiq atəşi ilə darmadağın edildi.

Qarşı tərəf yenə də itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam etdi. Bununla belə, Azərbaycan tərəfi cəza tədbirlərini davam etdirdi, ard-arda düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar, düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin artilleriya diviziyasının idarəetmə məntəqəsi, uzunmüddətli atəş nöqtələri, daha bir neçə hərbi obyekti və döyüş texnikası, eləcə də hərbi nəqliyyat vasitələri, hərbi kazarması və səhra idarəetmə məntəqəsi ordumuzun dəqiq atəşi ilə yerlə yeksan edildi.

Bəli, bunlar Azərbaycan Müdafiə Nazirliyinin rəsmən təqdim etdiyi faktlardır. Bu qədər itkiyə rəğmən, yenə də erməni rəsmiləri bəyan etdilər ki, Ermənistan silahlı qüvvələrinin heç bir itkisi yoxdur. Halbuki, onlarla hərbçisi, bir hərbi obyekti və bir neçə hərbi texnikası artıq məhv edilmişdi.

Təbii ki, Ermənistan tərəfi sonrakı günlərdə baş verən hadisələri, verdiyi ciddi itkiləri də eyni qaydada gizlətməyə çalışdı, Müdafiə Nazirliyi cəmi 2 hərbi qulluqçusunu (1 mayor və 1 kapitan) itirdiklərini bəyan etdi. Sonradan Ermənistanın İstintaq Komitəsi bu döyüşlərdə erməni tərəfinin cəmi 4 hərbi qulluqçusunun öldüyünü və 36 nəfərin yaralandığını açıqladı. Lakin Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı növbəti dəfə itkiləri gizlətməkdə ittiham edərək onun azı yüzə yaxın hərbi qulluqçusunu itirdiyini bildirdi.

Bunlar azmış kimi, iyulun 14-də Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusuna məxsus hərbi bazaları vurduğunu iddia etdi. Belə ki, Nazirliyin rəsmi saytında Azərbaycan hərbi bazalarının vurulduğu iddia edilən qeyri-müəyyən videogörüntülər paylaşıldı.

Yuxarıdakı foto həmin videogörüntüdən bir fraqmentdir. Partladılan yerin üzəri montajla gizlədilib. Nəyin və haranın partladıldığı bilinmir.

Yaxud, başqa görüntülərə baxaq:

Hər iki görüntü qeyri-müəyyəndir. Burada hər hansı bir hərbi bazanın partladılmasından söhbət gedə bilməz. Hətta belə təəssürat yaranır ki, Ermənistan öz yarıtmaz əməllərini ört-basdır etmək üçün Azərbaycanın atdığı artilleriya mərmilərinin görüntüsünü belə öz adına çıxır.
• Daha bir erməni hiyləsi və onu bataqlıqda boğan PUA

İndi isə gələk daha çox söz-söhbətə səbəb olan PUA-lara (Pilotsuz Uçuş Aparatı).
Ermənistan Müdafiə Nazirliyi erməni ictimaiyyətini bir növ ilhamlandırmaq üçün, guya döyüş zamanı Azərbaycan Ordusunun 13 PUA-sını itirdiyi barədə saxta məlumatlar yaydı. Amma erməni cəmiyyəti də sübut tələb edirdi. Elə buna görə də Ermənistanın Müdafiə Nazirliyi guya Azərbaycanın vurulmuş PUA-larından birinin olduğu iddia edilən fotoşəkili sosial şəbəkədə yayımladı.

Lakin fotodakı PUA-nın Azərbaycanın deyil, 2014-cü ildə Əfqanıstanda vurulan Amerikaya məxsus PUA olduğu tez bir zamanda sübut edildi.

Bu faktı Azərbaycanın Müdafiə Nazirliyi də təsdiqlədi. Nazirlik, həmçinin bəyan etdi ki, “Azərbaycan Ordusunun bütün PUA-ları yerindədir və işləkdir. Azərbaycan Müdafiə Nazirliyi itkiləri gizlətmədən sərhəddəki vəziyyətlə bağlı bütün lazımi məlumatları operativ şəkildə verir”.

Təbii olaraq, Ermənistanın bu kimi saxtakarlıqları nəinki Azərbaycan daxilində, hətta dünya ekspertləri arasında da təftiş və ifşa edildi.

Almaniyanın tanınmış hərbi eksperti Julian Repke Ermənistan Müdafiə Nazirliyinin guya Azərbaycana məxsus İsrail istehsallı PUA-nın vurulması anı ilə bağlı yaydığı məlumatı ifşa etdi. Ekspert həmin saxta görüntüləri özünün “Twitter” hesabında paylaşaraq bunun yalan olduğunu bildirdi.

O, Ermənistan Müdafiə Nazirliyinə istinadən “Əgər pilotsuz uçuş aparatını vurduğunuzu iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin yönəldiyi ikimühərrikli, dar gövdəli sərnişin təyyarəsini göstərməyin” deməklə, Ermənistanı çıxılmaz bir bataqlığa atdı.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı guya Azərbaycana aid PUA olduğu bildirilən videoda sərnişin təyyarəsi əks olunub.

Ermənistanın rəsmi səviyyədə yaydığı bütün yalanlara rəğmən, Azərbaycan Ordusu yenə də öz sözünü dedi. Belə ki, ümumilikdə Tovuz döyüşləri ərəfəsində düşmənin düz 4 (dörd) ədəd PUA-sı darmadağın edildi. Özü də hər birinin görüntüləri rəsmi şəkildə yayımlandı. Vurulduğu ana canlı olaraq sərhəd zonasında yaşayan sakinlər və ümumilikdə Azərbaycan xalqı şahidlik etdi.

PUA hiyləsinin də işə yaramadığını görəndüşmən bu dəfə fərqli dezinformasiyalara qucaq açdı. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində Tavuş vilayətinin Çinari kənd sakini Aramais Hovakimyanın yaralandığı barədə məlumat yaydı. Təbii ki, Azərbaycan Müdafiə Nazirliyi düşmənin bu təxribatını da cavabsız qoymadı. “Əlbəttə, Azərbaycan zəngin və özünü təmin edən bir dövlətdir, lakin öz pulunu boş yerə xərcləməyəcək. Birincisi, əvvəllər dediyimiz kimi, heç vaxt yaşayış məntəqələrini atəşə tutmuruq. İkincisi, bizim PUA-lar üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var, məsələn, Ermənistan ordusunun mövqeləri. Biz də elə bunu edirik” – deyə, nazirlikdən rəsmi açıqlama verildi.

Lakin düşmənin yalanları bitib-tükənmək bilmir. Belə ki, Tovuz döyüşlərinin gedişatı zamanı, iyulun 14-də Ermənistan Müdafiə Nazirliyi sözü ilə əməli üst-üstə düşməyən bir bəyanat yaydı. Bildirildi ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmur. Yalnız Azərbaycan Silahlı Qüvvələrinin mühəndis infrastrukturu və texniki vasitələri hədəf alınır…

Nəticə göz önündədir:

Onu da qeyd edək ki, mütəxəssislərdən ibarət qrup döyüşlərdən sonra Tovuz rayonunun atəşə məruz qalmış yaşayış məntəqələrində – Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində 61 fərdi ev və təsərrüfat sahəsinə baxış keçirdi. Baxış zamanı müəyyən olundu ki, 6 ev tam yararsız vəziyyətə düşüb və əsaslı tikinti tələb olunur. Bundan başqa, 15 ev və yardımçı tikili, habelə tövlələrə ciddi zərərin dəydiyi, 40 ev və təsərrüfatda isə yüngül fəsadlar olduğu müəyyənləşdirildi.

Bunlarla yanaşı, artilleriya atəşi nəticəsində fərdi təsərrüfatlara da ciddi ziyan dəydi. Belə ki, kənd sakinlərinin 20-25 xırdabuynuzlu heyvanı və 70-75 ev quşu tələf oldu, qış ehtiyatı üçün toplanan 300-350 ot bağlaması tamamilə yandı, bir sıra vətəndaşların şəxsi avtomobilləri mərmi qəlpələrindən ciddi zədələndi, 15 evdə vətəndaşların məişət əşyaları və həyətyanı əkin sahəsi zərər gördü…

Beləcə, Ermənistan 2016-cı ilin Aprel döyüşlərindən sonra növbəti fiziki və mənəvi məğlubiyyətə uğradı. Doğrudur, Ermənistan nə qədər iddia etsə ki, guya ilk olaraq Azərbaycan təxribat törədib, guya ilk hücumu Azərbaycan Ordusu edib, buna heç kim inanmadı. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Birincisi, əgər Azərbaycan hücuma başlamaq və ya erməni silahlı qüvvələrini atəşə tutmaq qərarına gəlsəydi, bunu işğal olunmuş əraziləri azad etmək məqsədi ilə həyata keçirə bilərdi, daha Ermənistanla sərhəddə yox! İkincisi, Azərbaycan Ordusu hücuma əlbəttə ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı kimi UAZ markalı avtomobildə keçməzdi. Azərbaycan daha güclü hərbi texnikaya malikdir və düşməni uzaq məsafədən darmadağın etməyə qadirdir. Hücuma bir UAZ ilə getməyi elan etmək axmaqlıq olardı.

İrəvanın budəfəki planı başqa idi – Azərbaycanı hücuma keçən tərəf kimi göstərmək, bununla da Bakını təcavüzkar kimi qələmə vermək. Təbii ki, bu plan alınmadı. Çünki Azərbaycan haqqın tərəfindədir, onun yeganə məqsədi işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək idi.

Bütün bu dediklərimizə əsas nöqtəni isə elə Ermənistanın öz mediası qoydu. Belə ki, 15 iyul tarixində Ermənistanın nüfuzlu “İravunk” qəzeti “Tavuş münaqişəsindən kimlər fayda götürdü?” sərlövhəli yazı ilə Ermənistan hakimiyyətini ifşa etdi.

Kerob Sarksyanın müəllifi olduğu məqalədə qeyd olunur: “Azərbaycan müharibəyə başlamağı düşünürdüsə, niyə Qarabağı yox, Tavuşu vurdu? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantı keçirəcəyi açıqlandı və tarix təyin olundu. Sonra məlum oldu ki, toplantı qeyri-müəyyən müddətə təxirə salınıb. Rəsmi izahat budur ki, KTMT baş verənləri öyrənmək istəyirdi. Daha dəqiq desək, Rusiyada sərhəddə baş verənlərlə bağlı bəzi suallar yaranmışdı. KTMT toplantısının təxirə salınmasının Ermənistanın müvafiq qurumları tərəfindən şərh edilmədiyi isə o deməkdir ki, bizim hökumət toqquşmaların mənşəyini izah edə bilməyib”.

Məqalədə hücumun əslində Ermənistan hakimiyyətinin daxili problemlərdən və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesindən qaynaqlanan planı olduğu təsdiqlənirdi. “Nikol Paşinyanın daxili problemləri var. Fövqəladə vəziyyət rejimi daha bir ay uzadıldı. Ancaq hakimiyyət başa düşür ki, dünya fövqəladə vəziyyətdən çıxmağa başladığı vaxtda Ermənistanda bunu davam etdirmək çətindir və sosial-iqtisadi problemləri olan minlərlə insan küçələrə çıxacaq. Bundan əlavə, Minsk qrupu həmsədrlərindən tutmuş beynəlxalq strukturlara qədər hamı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real və səmərəli danışıqlar tələb edir. Nikol da onu danışıqlar masasında nəyin gözlədiyini yaxşı bilir”- deyə, məqalədə vurğulanırdı.

Beləliklə, 2016-cı ilin Aprel döyüşlərindən sonra Tovuz döyüşləri 2020-ci il 27 sentyabr tarixində start götürən və cəmi 44 gün davam edən Vətən müharibəsini şərtləndirən əsas faktorlardan biri oldu. Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi ilə Qarabağ və ətraf rayonlar işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Paylaş: