Fransanın “La Gazette”si: “Qarabağ münaqişəsi artıq tarixdir”

Fransanın “La Gazette” xəbər portalında oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü və bu görüşün sonunda qəbul olunmuş üçtərəfli bəyanat barədə məqalə dərc olunub.

Xəbəraztv.Az istinadən bildirir ki, məqalədə yekun bəyanata istinadən bildirilib ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduqlarını təsdiq edib.

Məqalədə vurğulanıb ki, tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəlib.

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək üçün, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasının vacibliyini vurğulanıb”, -deyə məqalədə yekun bəyanatın mətninə istinadən qeyd olunub.
Həmçinin Dövlət başçısının Soçidə Vladimir Putinlə ikitərəfli görüşündəki nitqindən bir iqtibas verərək, məqalədə əlavə olunub ki, Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub.

“Ona görə də bu kontekstdə praktiki olaraq müzakirə ediləsi heç bir məsələ qalmayıb”, -deyə yekun olaraq vurğulanıb.

Paylaş: