İrəvanla Bakı arasında sülh müqaviləsi hazırdır? – Ermənilərin NÖVBƏTİ PLANI…

“Təəssüflər olsun ki, Ermənistan sülh müqaviləsinin bağlanmasına hazır deyil. Düzdür, bəyanatlar səsləndirilir, Ermənistan müəyyən dərəcədə öz üzərinə öhdəliklər götürür, Azərbaycanın təklif etdiyi beş prinsiplə rəsmən razılaşır, amma reallıq onu göstərir ki, Ermənistan hakimiyyəti hələ bu cür cəsarətli addımın atılmasından uzaqdır”.

Bunu Xəbəraztv.Az-a açıqlamasında “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.O bildirib ki, Ermənistanda sülh müqaviləsinin hazır olduğu ilə bağlı bəyanatlar yalan informasiyadır:

“Son olaylar da Ermənistan hakimiyyətinin hələ sülh müqaviləsini imzalayacaq kimi bu cür cəsarətli addımın atılmasından uzaq olduğundan xəbər verir. Baxın, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağa səfər edib. Orada qondarma rejimin qondarma “müstəqillik günü” ilə bağlı keçirilən tədbirlərdə iştirak edib. Digər tərəfdən Paşinyan qondarma rejimin rəhbərlərinə məktub göndərir və deyir ki, Ermənistan hər zaman qondarma rejimin yanında olacaq və onların “müstəqilliyini” dəstəkləyir. Yaxşı, bu cür yanaşma ilə sülh müqaviləsinin imzalanması arasında təzadlar göz önündə. Onlar nə dərəcədə bunu yaxın aylar ərzində çözə bilərlər?! Bu, çox müşkül bir məsələdir.

Başqa bir yandan Ermənistanın hansısa politoloqları açıqlamalar verirlər ki, güya, noyabrda bu müqavilə imzalanacaq. Bu açıqlamalar ona görə bu şəkildə edilir ki, revanşist qüvvələrin əlində bir əsas olsun ki, yeni anti-Paşinyan hərəkatı işinə başlasınlar. Bilirik ki, payız aylarında Ermənistan siyasi meydanı canlanır və növbəti anti-Paşinyan hərəkatına start vermək üçün bu cür iddialar ortaya atılır ki, Ermənistan artıq Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır, artıq sülh müqaviləsi də var və noyabrda bu sənəd imzalanacaq. Düşünmürəm ki, belə yanaşma ilə bu, mümkün olan bir şeydir.

Digər tərəfdən də fikir verin, Brüsseldə tərəflər razılığa gəliblər ki, sentyabrda XİN rəhbərləri görüşəcəklər və çox güman ki, həmin bu sülh müqaviləsinin mətni ilə bağlı fikir mübadiləsi aparılacaq. Hələ mətn hazırlanmayıb, yəqin ki, onun üzərində iş aparılmalı, hansısa bir ortaq sənəd ərsəyə gəlməlidir.

Belə olan halda həmin o erməni politoloqların “artıq bu sənəd hazırdır” kimi iddiaları ki var, onlar nədən qaynaqlanır? Əgər o sənəd hazırdırsa, onlar o zaman Brüsseldə niyə görüşməlidirlər? Əgər sənəd razılaşdırılıbsa, hansısa ümumi ortaq bir qaralama varsa, onlar orada nəyi müzakirə edəcəklər? Əgər o varsa, o zaman bu görüşlər nəyə lazımdır? Onda elə günü sabah da o sənədi imzalamaq olar.

Hadisələr onu göstərir ki, Ermənistan sənədin imzalanmasına hazır deyil. Hələ bu istiqamətdə işlər gedəcək, danışıqlar hələ üzümüzə gələn aylarda aparılacaq. Sülh müqaviləsinin yaxın, yaxud daha uzaq perspektivdə imzalana bilməsi onların nə dərəcədə intensiv olmasından da asılıdır”.

Təhməz Əsədov
Xəbəraztv.Az

Paylaş: