Səbail”in baş məşqçisi: “Bir çox məsələlər var ki, rəhbərliklə müzakirə etməliyik”

bodrum escort bayan

Səbail”in baş məşqçisi Aftandil Hacıyevin müsahibəsi.

– Premyer Liqanın XV turunda “Sumqayıt”a böyükhesablı məğlubiyyətdən sonra komandanı növbəti matça kökləmək çətin deyil?
– Əsas odur ki, komandamızın düzgün oynadığını bilirik. Sadəcə olaraq, hər matçda müdafiədəki səhvlər ucbatından buraxdığımız qollar bizi məyus edir. “Sumqayıt”la son görüşün ikinci hissəsini azlıqda keçirdik. Buna baxmayaraq, yenə də nəzarət bizdə idi. Futbolçuların heç də hamısı optimal formasını yığa bilməyib. Səbəblərdən biri qış transfer dönəmində gətirdiyimiz oyunçuların kollektivə gec qoşulmasıdır. Təbii ki, uduzmaq yaxşı hal deyil. Çalışırıq yaxşı oyunu nəticədə də əks etdirək.

– XVI tur çərçivəsində fevralın 19-da “Sabah”la üz-üzə gələcəksiniz. Son turda “Zirə” ilə bərabərə qalan rəqibiniz sanki özünə gəlir. Bu amil işinizi ikiqat artırmayacaq?
– “Sabah”ın kifayət qədər geniş heyəti var. Bilirik ki, əllərində olan imkanlar bizdən daha yaxşıdır. Son oyun da göstərdi ki, “Sabah” durumu ilə razılaşmaq fikrində deyil. Turnir cədvəlindəki vəziyyət hamıya yüksək pillələrə qalxmaq imkanı verir. Hər iki komanda üçün çətin oyun olacaq. Nəzərə alaq ki, həm bizim, həm də “Sabah”ın kubokdan əli üzülüb və bütün diqqət çempionata yönəlib. Meydanda əzmkar mübarizə gedəcək, hər iki tərəf uduzmamağa çalışacaq.

– Kamran Ağayev, Peyman Keşavarzi və Rauf Əliyev sabahkı görüşü buraxacaqlar. Heyətinizin kasad olduğunu nəzərə alsaq, onların boşluğunu necə doldurmağı planlaşdırırsınız?
– Çox çətin olacaq. Rəqiblərlə müqayisədə ən kasad heyətə sahib komandayıq. İtkiləri meydanda hiss etdirməmək üçün digər futbolçularımızdan istifadə edəcəyik. Düşünürəm ki, bu, onlar üçün də bir şansdır. Belədə onlar barədə də məndə konkret fikir formalaşa bilər. İnanıram ki, əlimizdə olan futbolçular boşluğu dolduracaqlar.

– Kamran Ağayev uzun müddətdən sonra yaşıl meydanlara yeni dönüb. Qırmızı vərəqə onun aqressiv olmasından qaynaqlanırdı, yoxsa bunu adi epizod kimi dəyərləndirirsiniz?
– Adi oyun epizodu. Mən deyərdim ki, Kamrandan çox müdafiəçilərin sayıq olmaması qırmızıya gətirib çıxardı. Sadəcə olaraq, Kamran sığortaya bir qədər gecikdi. Ancaq yenə də əsas səhv müdafiəçilərdə idi. Oyunun sonları idi, buna görə Kamrana hansısa irad bildirmək də düzgün deyil. Həm də nəticə artıq bəlli idi. İstənilən halda, vərəqələrin çox olması yaxşı hal deyil. Futbolçularımızda da bəzi səhvlər var. Amma hakim səhvləri də buna təsir göstərir.

– Ölkə kubokunda məhz “Sumqayıt”la matçda kifayət qədər hakim səhvi olmuşdu. Bunun çempionat matçına hazırlıq zamanı futbolçulara psixoloji təsiri olmuşdumu?
– Kubok oyunları barədə çox danışıldı. Mən öz fikrimdə qalıram. Mərhələ keçməməyimizdə hakim səhvləri rol oynadı. Amma çempionat matçında hakimin nəticəyə ciddi təsir etdiyini deməzdim. Sadəcə, ikinci hissədə azlıqda qalmağımız ümidlərimizi azaltdı. İlk yarıda üzü küləyə qarşı idik və fasilədən sonra bu baxımdan üstünlük bizdə idi. Belə bir anda qırmızı vərəqə vəziyyəti dəyişdi. “Sumqayıt”ı da təbrik etmək lazımdır. Oyunu daha diqqətli keçirdilər, bizdən az səhv etdilər və layiqli qələbə qazandılar.

– “Səbail”in uğursuz çıxışına maliyyə probleminin təsiri olurmu?
– İndi elə bir dövrdə yaşayırıq ki, ümumilikdə hər yerdə vəziyyət ürəkaçan deyil. Koronavirus pandemiyasının yaratdığı problemlər ucbatından hamı çətinliklərlə üzləşir. Futbolda maliyyə önəmli olsa da, məncə, ən vacib amil deyil. Futbolçular üçün inkişaf etmək daha önəmli olmalıdır. Xüsusən də, gənclər oyunlarına köklənməli, inkişaf barədə düşünməlidirlər, pul barədə yox. Biz də əlimizdə olan gənclərin inkişafına çalışırıq. Təbii ki, maliyyə gecikmələri uzandıqca bunlar yaxşı hallara gətirib çıxarmır. İnanırıq ki, bu problemlər uzunmüddətli olmayacaq.

– Yerlilərdən fərqli, əcnəbi futbolçu maaşı gecikən kimi etirazını bildirir, oyunlara həvəssiz yanaşır…
– Maliyyə durumu əcnəbi və ya yerli, elə bir fərqi yoxdur. Hər birinə çətinlik törədir. Çünki hamısının ailəsi var, öhdəlikləri olur. Əcnəbilərdə fərq odur ki, evlərindən uzaqda olurlar, belə problemlə üzləşən kimi psixoloji durumları pisləşir. Rəhbərlik də bu problemin uzunmüddətli olmamasına çalışır.

– Yayılan məlumata görə, “Səbail”də daxil olmaqla bir neçə klubda üç aydır maaşlar verilmir. Bu nə dərəcədə doğrudur?
– Müddət yazıldığı qədər uzun deyil. Yəni vəziyyət dözülməyəcək dərəcədə deyil. Bir neçə klubda analoji problemin yaşandığını mən də eşitmişəm. Rəhbərliklə bu həftə görüşməliyik. Görüşün vaxtını hələ təyin etməmişik. Təkcə maliyyə yox, bir çox məsələlər var ki, müzakirə etməliyik.

Paylaş: