Rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə əlaqədar Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.
AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.
“Xalq-Ordu-Prezident vəhdəti dünyaya sübut etdi ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə hər şeyə qadirdir”
Almaniya Federativ Respublikasının Berlin şəhərindən Zaur Spivak yazır:
“Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin Azərbaycan naminə gördüyünüz bütün işlər xalqımız tərəfindən dəstəklənir. Qələbə ilə başa çatan 44 günlük müharibədə Xalq-Ordu-Prezident vəhdəti dünyaya sübut etdi ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə hər şeyə qadirdir. Həmin günlərdə biz – Vətəndən kənarda yaşayan azərbaycanlılar – Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi Azərbaycanlıların Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları Vətənin bu məsuliyyətli günlərində üzərimizə düşən vəzifəni dərk edərək Azərbaycanın haqlı mübarizəsini, öz torpaqlarını işğaldan azad etmək haqqının olduğunu yaşadığımız ölkələrin, şəhərlərin müxtəlif orqanlarına çatdırmağa səy göstərdik, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavablar verdik. Azərbaycan diasporu daim Sizin qayğı və diqqətinizi hiss edir. Bu il “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı və təşəkkürnamə ilə təltif olunan soydaşlarımızın adları içərisində mənim də adımın olmasından qürur və fərəh hissi keçirdim. Bu, Sizin və dövlətimiz tərəfindən mənim fəaliyyətimə verilən yüksək qiymətdir.
Cənab Prezident! Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, daim Vətənimizin yanında olaraq, ölkəmizin dünyada daha yaxşı təbliği və beynəlxalq aləmdə milli maraqlarımızın qorunması üçün əlimdən gələni edəcəyəm”.