Bacarıqlı rəssam olmaq üçün çalışmaq birinci növbəlidir…

bodrum escort bayan

1) Sizdə rəssamlığa həvəs nə zaman və nədən sonra yaranıb?
Məndə rəssamlığa həvəs uşaqlıqda yaranıb. Hələ 3 yaşımda olanda şəkil çəkməyə başlamışam, boyalarla rəngləyirdim. Artıq 6 yaşımda rəsm çəkməyə başladım. Məktəbə 1 sinifə gedəndən sonra, Yuriy Qaqarin adına Pionerlər Sarayında rəsm dərnəyinə gedirdim. Həmin dərnəyə valideynlərim aparıb gətirirdi. Rəsm çəkməyi öyrənirdim. 7 yaşımdan 16 yaşıma qədər rəsm çəkməklə məşğul olurdum.

2) Bu sənətdə nə kimi uğurlar əldə etmisiniz?
Bu sənətdə uğurlar əldə etmişəm ki, xarici ölkələrdə keçirilən sərgilərdə iştirak etməklə Azərbaycanımızı layiqincə təmsil edim. Azərbaycanda və xarici ölkələrdə keçirilən çoxlu sayda sərgilərdə iştirak edib uğurlar qazanmışam. 2017-ci ildə Fransanın paytaxtı Parisdə Luvr muzeyində keçirilən “Karusel” sərgisində əsərlərim nümayiş olunub. O cümlədən Gürcüstan və digər ölkələrdə keçirilən sərgilərdə iştirak edib uğurlar qazanmışam. Və bu günə qədər sərgilərdə iştirak etməyə davam edirəm. Uzun illərdir ki, rəssamlıq üzrə tələbələr hazırlayıram. 37 illik müəllimlik təcrübəsinə malikəm. Tələbələrimin bir çoxu hal-hazırda peşəkarlıq zirvəsinə ucalmış rəssamlardır. Rəssamlıq üzrə tələbələr yetişdirməyə həvəsim çox böyükdür.

3) Daha bacarıqlı və peşəkar rəssam olmaq üçün nə etmək lazımdır?
Bacarıqlı rəssam olmaq üçün çalışmaq birinci növbəlidir. Tələbələrimlə məşğul olanda, onların əl işlərinə və rəng çalarlarına diqqət etdikdə, özümü və əsərlərimi cavan hiss edirəm. Peşəkarlığının ən yüksək zirvəsinə ucalmaq üçün, rəssam dayanmadan çalışmalıdır. Bu sənətin hesabına özümü cavan hiss edirəm. Olduqca çoxlu sayda cavan rəssamlarla birlikdə oluram. Rəssamlarda yaş fərqi yoxdur. Həm böyük həm uşaq rəssam olur. Bir sözlə yaş məhdudiyyəti yoxdur. Yaşından asılı olmayaraq, rəssamların əsərlərinə baxıb, onlardan öyrənirəm. Hətta tələbələrimə dərs deyəndə, bəzi şeyləri onlardan baxıb öyrənirəm.

4) Dünyaca tanınmış hansı rəssamların rəsm əsərlərini daha çox bəyənirsiniz?
Dahi rəssamlar Vinsent Van Qoq, Pol Qoqen və digər bir çox dahi rəssamlar. Azərbaycan rəssamlarından Sakit Məmmədov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, Ağaəli İbrahimov və digərləri. Ümumiyyətlə bütün rəssamların hər birinə böyük hörmətim var və hər birinin dəsti-xəttini çox bəyənirəm.

5) Siz daha çox hansı janrda olan əsərlərə üstünlük verirsiniz?
Rəssamlıqda hər bir janra böyük hörmətim var. Heykəltəraşlıqdan başlayaraq xalçaçılığa qədər bütün janrlara böyük hörmətim var. Mən özüm impressionist kimi çalışıram. İmpressionizmə üstünlük verirəm. Hər bir texnikada işləmək ürəyincədir. Qələm, boya və s.

6) Rəsm çəkərkən Siz özünüzdə ən çox gördüyunüzü rahat qələmə alırsınız yoxsa fikirləşdiyinizi?
Hər bir şey mənim öz həvəsimdən asılıdır. Ola bilər ki, mən bir əsəri bir ay müddətə qədər bitirim və yaxud ola bilər ki mən hər hansı bir əsəri bir saata bitirim. İlham pərisinin gəlməsindən asılıdır.

7) Gənc rəssamlara məsləhətiniz?
Klassik rəssamların rəsm əsərlərinə baxıb öyrənmək lazımdır. Yəni əlifbanı öyrənmək birinci növbəlidir. Anatomiyanı, rəngkarlığı öyrənib, sonra özünü yeni janrda tapmaq lazımdır. Yəni, texnikanı öyrəndikdən sonra, özünü həyatda tapmaq lazımdır.

8) Müharibə mövzusuna aid hər hansı bir rəsm əsəriniz varmı və ya çəkməyi planlaşdırırsınız?
Bəli, mənim mövzusuna aid çəkdiyim rəsm əsərləri var. Müharibə mövzusu, aktual mövzu olduğu üçün, bu mövzuya aid yeni rəsm əsərləri çəkməyi planlaşdırıram. Bununla yanaşı, mənim böyük arzularınlmdan biri – Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş və şəhidlik zirvəsinə ucalmış şəxslərin övladlarına və nəvələrinə ödənişsiz rəssamlıq kursu keçmək layihəsində iştirak edim və həmin övladları bu sənətə ruhlandıraraq, onların uğurlara doğru addımlamaqlarında mühüm rolum olsun. Bildiyimiz kimi, uşaqlar bizim gələcəyimizdir. Və mən bir sənətkar olaraq, uşaqların bu sənətdə yüksək nəticə əldə etmələrində, bacardığım qədər çalışmağa hazıram.

9) Ermənilərin azərbaycanlılara qarşı törətdiyi hansı terror hadisəsi Sizə daha çox təsir etdi, həmin hadisəni necə canlandırardınız?

Mən bir azərbaycanlı olaraq, ermənilərin azərbaycanlılara qarşı törətdiyi hər bir terror hadisəsi mənim üçün böyük faciədir. Həmin terror hadisələri XX və XXI əsrin faciələridir. Bizim tarixdə unudulmaz dərin iz qoymuş faciələrdir. Tarix unudulmadığı üçün, bir rəssam olaraq öz dəsti-xəttimlə həmin faciələri öz tablolarım üzərində təsvir etmişəm və davam edirəm.
Mən əminəm ki, inşallah tezliklə erməni təcavüzkarları tərəfindən işğal olunan bütün torpaqlarımız işğaldan azad olunacaq. Arzum budur ki, bir rəssam kimi, o cümlədən həmin torpaqlarda keçiriləcək sərgilərdə və müsabiqələrdə iştirak edim, həmçinin Qarabağın gözəl mənzərəli yerlərlərini öz tablolarımda təsvir edim.

Paylaş: