“Rəssamlıq sirr deyil, vergidir”-Məlahət İsmayıl

       

Bölmə : Müsahibə Tarix : 06 Oktyabr 2020

1) İlk öncə özünüz haqqınızda qısaca məlumat verərdiniz?
Mən Məlahət İsmayıl Ağdaş rayonunda anadan olmuşam. Atam tikinti üzrə memar idi, amma həmişə onun çəkdiyi rəsmlərə həsrətlə baxardım, özüm özümə deyərdim ki, böyüyəndə atam kimi rəsmlər çəkəcəm. Böyüyəndən sonra gördüm ki, mən atamdan artıq rəsmlər çəkə bilərəm və belə də oldu. Hal-hazırda atamın eskizləri üzərində çalışıram, yəni atamın vaxtıyla çəkdiyi kiçik ölçülü rəsmləri, əsərə çevirmədiyi əl işlərinə həyat verməyə başlamışam.

2) Rəssamları digər sənət adamlarından fərqli edən cəhət nədir?
Yazıçı yazır ürəyini boşaldır, ya şerlə yada yazdığı əsəriylə, musiqiçi gözəl mahnılarını bəstələyir. Amma rəssam isə öz gözüylə gördüyü bütün gözəllikləri, ürəyindən keçən o ecazkarı, bəzi dilə gətirilə bilməyəcəyi bəzi sözləri belə rəngləriylə, işlədiyi o gözəl rəng çalarlarını təsvir etməyə çalışır. Mən deyərdim ki, birinci yaradıcı insan rəssamdır. Çünki onlar həyatın özünü göstərirlər. Musiqini dinləyirəm əsəblərin sakitləşir, oxuduğun əsərlə dünyanın haralarına gedib- gəlirsən. Amma rəsm əsərində eynən əksi görürsən. Buna görə də, birinci yaradıcı insan rəssam hesab olunur.

3) Sizin ilk çəkdiyiniz rəsm əsəri hansı olub və həmin əsər haqqında qısaca nə kimi məlumat verə bilərsiniz?
Orta məktəbdə oxuduğum illərdə, bizim fransız dili fənni üzrə Jalə müəlliməmiz var idi, həmin müəllimə bizə fransız dilini o qədər sevdirmişdiki, mən özüm fransız dili müəlliməsi olmaq arzusunda idim və bunun üçün çox çalışırdım. Lakin bir gün atamın kiçik ölçülü rəsm əsərlərinə rast gəldim, bunun tarixçasidə çox maraqlıdır, həmin rəsm əsərlərinin önündən çəkilə bilmirdim. Həmin rəsm əsərlərinə böyük maraqla baxırdım. Məktəbdən qayıdanda, həyətimizdə təmir işləri gedirdi, həyətdə yeşiklərə rast gəldim, həmin yeşiklərdə kiçik ölçülü rəsmlər gördüm, başladım onlara baxmağa. Dərsdən qayıdanda çörək yemək əvəzinə, saatlarla həmin əl işlərinə baxırdım, üst-başım toz olmuşdu. Həmin rəsmlərə baxdıqda anama sual verdim ki, bu gözəl rəsmləri kimindir, anam cavab verdi ki, sənin atanın əl işləridir. Hər gün saat axşam 8-də evə gələn atam, həmin günü elə bilirdim ki, saat 11 olub amma atam hələ gəlməyib. Axşam atam gəldikdən sonra, atama tez-tez sual verdim ki, bu rəsmləri kim çəkib, atam cavab verdi ki, o, mənim yaralı yerimdir. Mən rəssam olmaq istəmişəm, amma həyatda ola bilməmişəm. Rəsmlərə heyrətlə baxıb, atama dedim ki, mən rəssam olacam. Atam soruşdu ki, sən şəkil çəkə bilirsən. Cavab verdim ki, bəli. İstəsən rəsmlərimi sənə göstərim. Atama rəsm əsərlərimi göstərdikdən sonra, atam təəccübləndi və dedi ki, mən nə üçün bu günə qədər sənin əl işlərini görməmişəm. Mən hələ 3 yaşımda olanda, ilk rəsmim – atamın diplom işinin üstündə ki ailə rəsmimiz idi. Atam Politexnik İnstitutunu bitirib, atam gecə yuxu yatmadan, şəhərə qədər həmin diplom işi üzərində çalışıb. Stolun üstündə qələmi götürüb, ana, ata və uşaq şəklini çəkdim. Yəni, ilk çəkdiyim rəsm əsəri, hələ mən 2,5 yaşımda olanda, həmin rəsm olub. Mən rəssamlığa atamla başlamışam, mən atamın sonsuz arzusuyam.

4) Sizin ilk çəkdiyiniz rəsm əsəri hansı olub və həmin əsər haqqında qısaca nə kimi məlumat verə bilərsiniz?
Mən özümü artıq dərk edəndə, çəkdiyim ilk rəsm əsərim, Ağdaşda ilk şəhid olmuş Müşfiq İsayevin portretini yağlı boyayla çəkib, Müşfiq İsayev adına orta məktəbə hədiyyə etmişəm. Hal-hazırda həmin məktəbdə mənim əsərim saxlanılır və demək olar ki yaşayır.

5) Rəssamlığın sirrini nədə görürsünüz?
Rəssamlıq sirr deyil, vergidir. Rəssamlıq insanın təxəyyülüdür, insanın yaşam tərzidir. Bir insan, özü haqqında yaradır, özünü canlandırır, öz həyat tərzinin hər birini kətana çevirir. Mən hər zaman deyirəm, həyata keçməyən arzularımın hər biri, kətanın üzərində həyata keçdi.

6) Gələcək illərdə karyeranızla bağlı fikirlərinizi qeyd edin?
Gələcəyim haqqında karyera dedikdə qeyd edim ki, mən rəssamlıq haqqında heç vaxt karyera və biznes düşünməmişəm. Karyeram mənim yaşadığım illərdə, məni bəyənən insanların qiymətləndirilməsiylə yaranıb. Bundan gözəl karyera ola bilməz. Əgər mən bu gün xalqım tərəfindən sevilirəmsə, ətrafım tərəfindən sevilirəmsə, evlərini rəsm əsərlərim bəzəyirsə, muzeyləri bəzəyirsə, deməli mən ən gözəl karyeramı qurmuşam.
Azərbaycanın tarix və mədəniyyət incisi olan Şuşa şəhərində yaşayıb yaratmaq, ən böyük arzularımdan biridir. Şuşanın gözəl təbiətindən qaynaqlanaraq, yaradıcılığımı davam etmək arzusundayam.

7) Həyatda bənzərsiz olmaq və daha da bacarıqlı eləcə də tanınmış rəssam olmaq üçün nə etmək lazımdır?
İnsanlar həyata tək gəlir. Deyə bilərlər ki, insanlar bir-birinə bənzəyir, amma mən onu heç vaxt qəbul etmirəm. İnsanlar həyata bir dəfə gəlir, bir dəfə yaşayır, bir dəfə gedir. Məsələn, Mirzə Ələkbər Sabirdən birdə doğula bilər? Xeyr. Və yaxud Səttar Bəhlulzadədən birdə doğula bilər? Xeyr. Bəhruz Kəngərlidən birdə doğula bilər? Xeyr. Mehdi Hüseynzadə kimi gözəl dil qabiliyyətinə malik olan gözəl və istedadlı rəssamdan birdə doğula bilər? Xeyr. Dünyasını dəyişmiş generallarımızdan birdə doğula bilər? Xeyr. Bir sözlə inanıram ki, insanlar bənzərsiz gəlirlər dünyaya. Bu suala cavabım yalnız bu cür ola bilər. İnanıram ki, düz yoldayam.

8) Azərbaycan İncəsənətində ən çox bəyəndiyiniz rəssam və ya rəssamlar kimlərdir?
Mən Azərbaycan İncəsənətində bütün rəssamları sevirəm. Janrından, mövqeyindən, fikirlərindən asılı olmayaraq, hamısına dərin hörmətim var. Özümə kumir kimi əsərlərini çox bəyəndiyim, Böyükağa Mirzəzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Sakit Məmmədov və s. Sakit Məmmədovun əsərlərinə çox diqqət edirəm. Rəng, kolorit, öz ahəngində olan seçimlər. Bir sözlə Sakit Məmmədovun əsərlərini çox sevirəm. Əsərlərini çox dəyərləndirdiyim digər rəssamlarda var. Ümumiyyətlə Azərbaycan rəssamlarının hamısını çox dəyərləndirirəm, hər birini sevirəm və hər birinə böyük var.

9) Çəkilən hər hansısa bir təsvir daha maraqlı və canlı görünüşdə olarsa, bu zaman əsərin əsas sirri nədədir?
Çəkilən hər hansı bir rəsm əsərinin görünüşünün daha maraqlı və canlı olmasının əsas sirri – rəssamın özüdür. Sevgi dolu, məhəbbət dolu, bəzən qüssə, bəzən kədər, bəzən çılğınlıq, təlatüm, bir sözlə hər bir şey rəssamın özündən asılıdır. Rəssamın boyalarla kətana toxunuşundan bəlli olur. İlk toxunuşdan bəlli olur, hansı yolla addımlayaraq, o əsərin sonuna çatacaq. Rəssam bəzən kədərli olur, bəzən qüssəli, bəzən məhəbbət dolu işləri olur. Dəniz çəkirsə, təlatümlü olar. Dəniz hirslənəndə təlatümlü olur. Mən rəssamları dənizə bənzədirəm. Bəzən sakit, bəzən havalı, bəzən çılğın, bəzən yaralı, bəzən gözəl həlim olur.

 

Axtar

Xəbər xətti

Təqvim


Məzənə

 Valyuta məzənnəsi